Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsi haqqında
ƏSASNAMƏ
I. Ümumi müddəalar
- İnformatika və Statistika İdarəsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olan müstəqil müəssisədir.
- İnformatika və Statistika İdarəsi təşkilati-metodik və praktik mərkəz olaraq, informatika və tibbi statistikanın bütün aspektləri üzrə fəaliyyət göstərir.
- İnformatika və Statistika İdarəsi öz fəaliyyətində Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarını, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin əmrlərini, sərəncamlarını, Azərbaycan Respublikası Dövlət Statistika komitəsinin normativ aktlarını, Səhiyyə Nazirliyinin əsasnaməsini, bu əsasnaməni, həmçinin diqər normativ aktları rəhbər tutur.
- İnformatika və Statistika İdarəsi haqqında Əsasnamə və onun strukturu Azərbaycan Respublikası Səhiyyə Naziri tərəfindən təsdiq edilir.
- İnformatika və Statistika İdarəsi öz səlahiyyəti daxilində əmrlər, sərəncamlar verir və digər normativ sənədlər hazırlayır.
- İnformatika və Statistika İdarəsi Dövlət Statistika komitəsi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təyin olunmuş müddətlərdə öz fəaliyyəti haqqında hesabatların tərtib edilməsini, habelə görülən işlərin qeydiyyata alınmasını təşkil edir və həyata keçirir.
- İnformatika və Statistika İdarəsi hüquqi şəxs olub müstəqil smeta xərcləri, özünün əsas fondları və dövriyyə vəsaitləri, banklarda hesabları, habelə üzərində Azərbaycan Respublikasının və özünün adı əks olunmuş möhürü vardır.
- İnformatika və Statistika İdarəsinin maliyyələşdirilməsi və maddi-texniki təchizatı respublika büdcəsindən və ümumi qayda ilə müəyyənləşdirilən büdcədən kənar vəsait hesabına təmin olunur.
II. İnformatika və Statistika İdarəsinin rəhbərliyi
- İnformatika və Statistika İdarəsinə rəhbərlik rəis tərəfindən həyata keçirilir. Rəis Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının qərarı əsasında Səhiyyə Nazirinin əmri ilə vəzifəyə təyin edilir və vəzifədən azad olunur.
- İnformatika və Statistika İdarəsinin digər işçiləri Səhiyyə Nazirliyinin əmri ilə təsdiq olunmuş qaydalar üzrə vəzifəyə təyin edilir və vəzifədən azad olunur.
- İnformatika və Statistika İdarəsinin ştat cədvəli Azərbaycan Respublikası Səhiyyə Naziri ilə razılaşdırıldıqdan sonra onun rəisi tərəfindən təsdiq olunur.
- İnformatika və Statistika İdarəsinin rəisinin ayrılmış büdcə vəsaitləri həddi daxilində idarənin işçilərinə əlavə haqq, mükafat və maddi-maraq xarakterli digər əlavələri təyin etmək hüququ vardır.
- Müqavilələr əsasında görülən işin hesabına plandan artıq gəlirin və xüsusi vəsaitlər hesabında mədaxilin məxaricdən artıq hissəsinin istifadə etmək hüququ vardır.
III. İnformatika və Statistika İdarəsinin əsas vəzifələri
- Respublika əhalisinə göstərilən tibbi yardımın vəziyyəti, dinamikası və keyfiyyətinin qiymətləndirilməsi barədə məlumatların tərtib olunması, müalicə-profilaktika müəssisələrinin fəaliyyəti haqqında hesabat sənədlərinin proqramı həcmində tibbi statistik məlumatların toplanması, işlənib hazırlanması və təhlil edilməsi;
- Respublika səhiyyə müəssisələrinin bütün statistik informasiya, epidemioloji analiz və tədqiqat xidməti bölmələri üzərində təşkilati-metodik rəhbərliyinin həyata keçirilməsi, informatika və tibbi statistika mütəxəssislərin peşə ixtisaslarının artırılması;
- Əhalinin sağlamlığı vəziyyətinin və demoqrafik proseslərin öyrənilməsi;
- Müalicə-profilaktika müəssisələri üçün Respublika Dövlət Statistika komitəsi tərəfindən təsdiq olunmuş ilkin qeydiyyat formalarında və hesabat sənədlərində məlumatlarının doğruluğunun təmin olunması.
IV. İnformatika və Statistika İdarəsinin fəaliyyətinin məzmunu
- İnformatika və Statistika İdarəsi özünün əsas vəzifələrinə uyğun olaraq təşkilati-metodik, statistik, analitik, informatika və nəşriyyat istiqamətlərində fəaliyyət göstərərək aşağıdakiları təmin edir;
- Dövlət statistik hesabatlarının toplanmasını, işlənib hazırlanmasını və təhlil edilməsini;
- Modern kompyuter proqramlarının, riyazi modellərin işlənib hazırlanmasını, istehsalını, texniki müşaiətini və onların təcrübədə tətbiqini;
- Beynəlxalq standartlara cavab verən tibbi-statistik hesabatların tətbiqini;
- Redaksiya-nəşriyyat fəaliyyətini.
- Elmi tədqiqat institutlarının, respublika tabeli xəstəxanaların, dispanserlərin, mərkəzlərin, sanitariya-epidemioloji profilli respublika təşkilatlarının və s. müəssisələrin təşkilati-metodik şöbələrinin statistika bölmələri ilə birgə, onların funksiyaları nəzərə alınmaqla və sonralar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmaqla, bütün fəaliyyətlərinə vahid kompleks planlar tərtib edir.
- Respublikanın bütün müalicə-profilaktika və sanitariya epidemioloji xidmət müəssisələrində statistik məlumatların doğruluğunu təmin etmək məqsədilə statistika işinin qoyuluşunu və aparılmasını sistematik yoxlayir.
- Əhaliyə göstərilən tibbi xidmətin bütün növləri üzrə müalicə-profilaktika və sanitariya-epidemioloji xidmət müəssisələrindən dövri və illik hesabatları qəbul edir və onların keyfiyyətinə nəzarət edir.
- Respublika üzrə, hər bölməyə dair, yekun hesabatları tərtib edir. Respublikanın səhiyyə idarə və müəssisələrin fəaliyyətini səciyyələndirən əsas göstəricilərin ayrı-ayrı inzibati bölgələr üzrə və ümumrespublika üzrə yekun sənədlərini hazırlayır.
- İşlənib hazırlanmış materialların təhlilini aparır, əhalinin sağlamlığı və səhiyyənin vəziyyəti haqqında analitik icmal hazırlayır. Tibbi xidmətin ayrı-ayrı sahələri üzrə əsas göstəricilərin məcmuələrini tərtib və nəşr edir.
- Respublika səhiyyə orqanlarının rəhbərlərini müalicə-profilaktika və sanitariya-epidemioloji xidmət müəssisələrinin fəaliyyətinin əsas göstəriciləri ilə təmin edir.
- Respublika Dövlət Statistika komitəsinin məlumatlarına əsasən Respublika əhalisinin demoqrafik prosesləri haqqında rüblük, yarımillik və illik materilları işləyib hazırlayır, onları təhlil edir və lazimi arayışlar tərtib edir.
- Xüsusi tədqiqatların hesabat məlumatları və materiallarına əsasən əhalinin sağlamlıq vəziyyətini öyrənir.
- Sistematik olaraq səhiyyə təşkilatçılarının və digər aidiyyətli mütəxəssislərin ixtisaslarını artırmaq üçün tədbirlər həyata keçirir və onlara təşkilati-metodik köməklik göstərir.
- Müalicə-profilaktika müəssisələrinin rəhbərləri və digər səhiyyə təşkilatçıları ilə illik hesabatların tərtibinə dair vaxtaşırı metodik yığıncaqlar keçirir.
- əhali arasında xəstələnmə hallarını və sağlamlıq göstəricilərini öyrənmək məqsədilə müxtəlif hesablama statistik təlimatlar, proqramlar, planlar və metodik göstərişlər hazırlayır.
- İdarənin fəaliyyətini təmin etmək məqsədilə statistik-məlumat sənədlərini və hesabat formalarını hazırlayıb nəşr edir.
- İdarə qəbul olunmuş qaydada pullu xidmət növləri yaratmaqla aşağıdaki istiqamətdə fəaliyyət göstərə bilər:
- Əhaliyə tibbi-statistik informasiyanın verilməsi;
- Tibbi-elektron qurğularının, rabitə vəsaitlərinin, kompyuterlərin, sürət çoxaldıcı yazı maşınlarının və audio-video texnikaların quraşdırılması, proqramlaşdırılması, texniki qulluğu, təmiri və istehsalı
- İnformatika və Statistika İdarəsinin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir.
V. İdarənin ləğv etmə və təşkili qaydaları
- Müəssisənin yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyində nəzərdə tutulmuş qaydada aparılır.